Acizlik və qorxaqlıq sindromu
09 İyun 2017

Həyatın çətin məqamlarında bəziləri ölkəni tərk edərək mühacir həyatı yaşamağa üstünlük verir. Belələrinin az bir qismi mübarizəsini davam etdirmək üçün ölkəni tərk etdiyi halda, böyük əksəriyyəti mühacir həyatını sadəcə rahat yaşayış üçün seçir. Bir qism insan isə çətin şəraitdə öz vəziyyətini dəyişmək, çətinliklə mübarizə aparmaq əvəzinə, düşdüyü şəraitlə barışaraq, heç bir müqavimət göstərmədən, etiraz bildirmədən yarıac, yarıtox şəkildə həyatlarını davam etdirirlər. Belə insanlar problemləri gördükləri halda özlərini “ölülüyə” vurur, “canlı ölü”yə çevrilirlər. Bəziləri isə problemləri həll etmək üçün kortəbii və düşüncəsiz şəkildə həmin problemlərin qaynaqlandığını zənn etdikləri obyektə həmlə edirlər. Düşüncəsizlik və kortəbiilikdən yaranan həmlənin nəticəsi isə təbii ki, uğursuz olacaq. Başqa bir qrup insan isə qarşılaşdıqları vəziyyət qarşısında özlərini gücsüz və aciz hiss edərək təslimiyyət nümayiş etdirir. Təslimiyyət göstərən insan isə təslim olduğunun qulu kimi yaşamağa məhkumdur.

 

Bu sadalanan xüsusiyyətlər insanda olan qorxu hissindən qaynaqlanır. İnsan düşdüyü şəraiti, vəziyyəti dəyişmək üçün hərəkətə keçəcəyi zaman təhlükə ilə qarşılaşacağını düşündüyündən fani həyatını qorumaq üçün hər şeyə göz yumaraq, bu yollardan birini seçir. İnsan psixologiyasında baş verərək, davranışlarında da özünü büruzə verən bu davranış formalarını İspan psixoloqu Xose Antonio Marina “Cəsurluq haqda traktat” əsərində maraqlı formada müqayisə edərək yazır: “Hər hansı bir təhlükə kəskin narahatçılıq hissi yaradan zaman subyekt qorxu hissi keçirir… Vəziyyət nəzarətdən çıxır və fəaliyyətə bu ssenarilərdən biri keçir: qaçmaq, mübarizə aparmaq, donub qalmaq, təslim olmaq. Belə hallarda ceyran qaçır, öküz həmlə edir, böcək özünü ölülüyə vurur, canavarlar isə özlərindən güclü və nüfuzlu erkək canavarlarla qarşılaşdıqları zaman təslimiyyət davranışları nümayiş etdirirlər. Biz insanlar isə bütün bu halların hamısını özümüzdə cəm etmişik”.

 

Sadalanan xüsusiyyətlərdən başqa insanda acizlik və qorxaqlığın başqa bir əlaməti də riyakarlıq və yaltaqlıqla müşayiət olunur. İnsan düşdüyü çətin mühitə şərəflə dözmək və ya müqavimət göstərmək əvəzinə, acizlik əlaməti olan yaltaqlıq yolunu seçir. Riyakarlıqla dolu olan bu yaltaqlıq xüsusiyyəti də insanda qorxudan əmələ gələn bir haldır. Çətin zamanda insan öz rahatlığını təmin etmək və bu rahatlığı itirməmək üçün yaltaqlıq yolunu özünə rəva bilir. X.A.Marinanın müqayisələrinə uyğun olaraq bu tip insanları mən tülküyə bənzədərdim.

 

Nəyin bahasına olursa olsun sağ qalmaq, zərər görməmək, rifahda yaşamaq, çətinlikdən uzaq olmaq qorxaq və aciz insanların düşüncəsidir. “Nəyin bahasına olursa olsun” şüarı zəlalətə gedənlərin şüarıdır. Bu cür zəlil həyatı seçən insanlar həqiqətdə ölü kimidirlər. İnsan çətinlik, fəsad, zülm və fiziki məhvdən amanda qalmaq üçün bu xüsusiyyətlərdən birini seçməklə, özünün mənəvi məhvini qaçılmaz edir. Mənəvi məhv olan insanın isə fiziki olaraq yaşamasının bir mənası yoxdur. Mühüm olan budur ki, insan ömrünü kəmiyyətlə deyil, keyfiyyətlə başa vurmalıdır. Qarğa yüz il yaşasa da, yenə də qarğadır. Şahin isə on beş il yaşasa da, yenə də quşlar şahıdır.

 

İnsanda qorxu və acizlikdən əmələ gələn bütün bu xüsusiyyətlər bəyənilən bir əməl deyil və rəzillik həddindədir. Rəzillik həddini qəbul etməyən insanların bəziləri isə son çıxış yolunu intiharda görürlər. İntihar isə qorxaqlıq əlaməti olmasa da acizlik əlamətlərindəndir və şərəfli mübarizə yolu deyil.

 

Bütün bu xüsusiyyətlər insanı rəzil duruma saldığı üçün İslam dini bu xüsusiyyətləri pis və günah əməllərdən hesab etmiş, yalnız şərəfli həyat və şərəfli ölüm yolunu ortaya qoymuşdur. İslama görə insan bir sıra çətinlikləri Allahdan bir sınaq kimi qəbul edərək təmkinli, səbrli olmalı və şəraiti düzgün dəyərləndirib, doğru nəticə çıxarmalıdır. İslama görə hər halda insan rəzilliyi və zilləti özünə yaxın buraxmamalıdır. Buna görə də Həzrət imam Hüseynin (ə) şüarı “zillət bizdən uzaqdır” olmuşdur.

 

 

Bir cavab yazın