Adəmin Orucu
26 İyun 2017

 

Müqəddəs Ramazan ayının son günlərini yaşayırıq. Bütün dünya müsəlmanları Allahın əmrinə itaət edərək bu bir ay boyunca oruc tutur. Ramazan ayının bu orucu bütün müsəlmanlara vacib edildiyi kimi, islamdan öncəki ümmətlərədə vacib edilmişdir. Quran ayəsində Allah belə buyurur: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə” surəsi, 183).


Quranda deyildiyi kimi bütün ümmətlərə oruc tutmaq vacib edilmişdir. Hazırda da digər dinlərin təmsilçiləri olan insanlar oruc tuturlar. Məsələn, Yəhudilik, xristianlıq kimi dinlərlə yanaşı, hinduizm, caynizm, taoizm, brahmanizm, şintoizm, maniheizm və buddizimdə də insanlar oruc tutur. Lakin İslam dinindən fərqli olaraq digər dinlərdə müxtəlif cür oruc tutulur. Əksər dinlərdə insanlar oruc tutacaqları günləri seçir, saylarını müəyyən edir, tamamilə və ya qismən yeməkdən-içməkdən kəsilmə tərzindən birini insanların öhdəsinə buraxırlar. Bu cür din mənsubları ya yeməkləri tamamilə tərk etmək və ya bəzilərini seçməklə əmr olunublar. Hind dinlərindən bu cür tutulan oruclara rast gəlmək mümkündür. Bu din mənsublarının bəziləri ət, bəziləri odda bişəni yemir, bəziləri də ancaq bir neçə çeşid yeməklə və ya duzlu su ilə kifayətlənirlər. Bu bir növ pəhrizə bənzəyir. Yəhudilikdə üfüqün çıxmasından ilk ulduz görünənə kimi tamamilə yeməkdən imtina edilir.


Yalnız İslam dinində orucun şərtləri, vaxtı və hökmləri aydın müəyyən edilib. Üzürlü səbəblər istisna olmaqla orucun tutulması həvəsə buraxılmayıb. Heç bir şəxsin, heç bir qurumun qoyulan qaydaları dəyişdirməyə səlahiyyəti və haqqı yoxdur. Bu əsaslar Quranla və Peyğəmbərin sözləri ilə müəyyən edilib.
Bəs necə olub ki, dünyada bu cür müxtəlif və biri-birindən fərqlənən dinlər arasında oxşar ibadət növlərinə rast gəlirik? Bu ibadətlərin kökü qədim rəvayətlərdir, yoxsa Vahid Yaradanın əmridir?


Bütün varlıq aləminin Vahid Yaradan tərəfindən yaradılmasını inkar edənlərə görə bu ibadətlərin kökü qədim rəvayətlər hesab olunsada, heçdə belə deyildir. Bütün aləmləri yoxdan var edən Yaradan, varlıq aləmini yaratdıqdan sonra hər bir şeyi nizama saldığı kimi, bəndələrinində yaşayışı üçün bir nizam qaydası müəyyən etmişdir. Bunun üçün də zaman-zaman insanlara doğru yaşayış tərzini, doğru olan yolları bildirmək üçün insanlar arasından peyğəmbərlər seçib onların vasitəsi ilə qaydaları bəndələrinə çatdırmışdır.
Elə isə nəyə görə bu peyğəmbərlər fərqli ibadət formalarını insanlar arasında təbliğ etmişlər? Nəyə görə Vahid Yaradan öz elçilərinə müxtəlif ibadət formalarını təbliğ əmrini vermişdir?


Əslində Allah yaratdığı aləm və insanlar üçün bir nizam, bir sistem və Allaha ibadəti müəyyən etmişdir. Bütün insanlara yalan danışmağı, başqasının malını oğurlamağı, şərab içməyi, günahsız insanın öldürülməsini və zinanı qadağan edərək, bu işlərin günah olduğunu bildirmişdir. Lakin zamanına, məkanına və həmin dövürdə yaşayan insanların həyat tərzinə görə əməlləri nizamlamış və Öz əmrlərini tədricən bəşəriyyətin inkişafına uyğun formada nazil etmişdir. Onun bütün elçiləri bir dində olmuş, bir dini, tək Allahlıq dinini təbliğ etmiş, Ona ibadətdə namazı və orucu çatdırmışlar. Və nəhayətdə Allah öz dinini peyğəmbərlərin sonuncusu Muhəmməd (s.ə.s) vasitəsilə tamamlamış, İslam dinini bəndələri üçün son din qərar vermişdir. 


Buna görədir ki, dünya dinləri arasında zahirən fərqli, mənaca isə yaxın ibadət formaları mövcuddur. İbadətin digər formalarında olduğu kimi orucunda mahiyyəti eynidir. Bu mubarək əməl müxtəlif dinlərdə fərqli zaman kəsiyində, fərqli şərtlər daxilində və fərqli niyyətlərlə yerinə yetirilmişdir. Bütün dinlərin təmsilçiləri orucu nəfsin təmizlənməsi, Allaha yaxın olmaq, günahlardan təmizlənmək və bağışlanmaq üçün yerinə yetirir. Yəhudilərin müqəddəs kitabında oruc nəfsi alçatmaq, ona əziyyət vermək şəklində qeyd edilib.


Bəs ilk oruc kimə vacib edilib? Və nə üçün oruc ümmətlərə vacib edilib?
İlk oruc Adəm və xanımı Həvvaya vacib edilmişdir. Bəqərə surəsinin 35-ci ayəsində oxuyuruq “ Biz dedik: “Ey Adəm, sən zövcənlə (Həvva ilə) Cənnətdə qal və hər ikiniz oradakı meyvələrdən, istədiyiniz kimi, bol-bol yeyin, yalnız bu ağaca yaxın gəlməyin! Yoxsa (özünüzə) zülm edənlərdən olarsınız”.


Ayədən göründüyü kimi Allah Adəm və zövcəsinə istədiyi Cənnət nemətlərindən istifadə etməyə icazə verdiyi halda, bir ağaca qarşı oruc olmağı tapşırır. Lakin şeytanın vəsvəsəsi ilə bu ağacdan dadan Adəm və zövcəsi nəfslərinə görə oruclarını pozurlar.
Əraf surəsinin ayələrində deyilir: “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: ‘Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!’


Allah Adəmə həmin ağacdan yeməsini qadağan etməklə, onun qismən oruc tutmasını istəmişdi. Allah hər zaman bəndələrinə nəyi isə öyrətdikdə və qadağan etdikdə bunu tədricən edir. Necəki Quranı insanlara 23 il ərzində nazil etdi, eləcədə İslama qədər gələn peyğəmbərlər insanlara ilahi hökümləri mərhələli şəkildə zamana uyğun çatdırıb, təbliğ edirdilər. Bunları nəzərə alaraq deyə bilərik ki, yaradılışın əvvəlində də Allah Adəmə cənnət qidalarının hər birindən bol bol yeməyə izin verdiyi halda, yalnız bir ağacdan qidalanmasını qadağan edərək, qismən oruc tutmasını istədi.

 

Nə üçün Allah bunu istədi?


Çünki Allah yaratdığı Adəmin nəfsindən xəbərdar idi və gələcəkdə nələr edəcəyini bilirdi. Buna görədə Adəmi tədricən hazırlayırdı. Ayələrın ardıcıllığına diqqət edilsə bu deyilənlər aydın olar. Adəmi yaradan Allah mələklərin Adəmə səcdə etməsini istəyir. İblisdən başqa hamısı səcdə edir. Bundan sonra Allah Adəmə cənnətdə bir qidadan başqa hər bir qidanı yeməsinə icazə verdi. Qadağasının səbəbi kimi isə “zülm edənlərdən olarsınız” dedi. 


Allah mələklərinə səcdə etmək əmrini verməmişdən öncə də həmin qidanı qadağan edə bilərdi. Lakin İblisin itaətsizliyindən, Allahın ona qiyamətə qədər möhlət verməsindən, eləcə də İblisin Allahın düz yolunun üzərində oturub insanlara mane olacağını və şükür etməyə qoymayacağını bildirdikdən sonra Allah Adəm və zövcəsinə özlərinə zülm edənlərdən olmamaları üçün yalnız bir ağaca yaxınlaşmamağı bildirir. Yəni Allah Adəm və zövcəsinin qismən oruc tutmaqla nəfsini idarə edə bilməsini istəyir. Əgər buna əməl edə bilsəydilər nəfsləri onları ziyana salmazdı. Daim bu yolla ziyandan amanda qalar və
Allaha itaəti unutmazdılar.


Qidalanma üçün Cənnətin hər yerindən istədiyini bol bol yeyə biləcəyi halda yalnız bir ağacın qadağan olunması onun göstəricisidir ki, insan nə qədər yesədə nəfsi üçün bir yer saxlamalıdır. Düşüncəsini əlindən ala biləcək həddə çatmaq insan üçün zərərli olduğuna görə Allah deyir: ” zülm edənlərdən olarsınız”. 


Bu qayda təkcə qidalanmağa aid deyil. İnsanın bütün davranış və əməllərində son hədd olmalıdır. Min ağaca yaxınlaşsada, min birinci ağaca yaxınlaşmamalıdır. Yəni hər şey etsədə, mütləq bir şeydən çəkinməlidir. Həddi aşmamalıdır. Buna görədə müqəddəs Ramazan ayında təkcə ac qalmaqla kamil oruc olmur. İnsan əməllərində də oruc olmalıdır. Yalan danışmaqdan, oğurluqdan, naməhrəmə şəhvani baxışdan hətta halal xanımı ilə yaxınlıqdan da oruc olmalıdır.


Oruc tutmaq Adəmə nə üçün lazım idi?


Quran ayələrində şeytanın Adəmə və zövcəsinə örtülü ayıb yerlərini göstərmək məqsədi ilə onlara vəsvəsə edib aldatdığını oxuyuruq. Cənnət qidalarından bol bol yeyən Adəm və zövcəsi Allahın qoyduğu həddi keçərək nəfslərini saxlamır. Həddindən artıq qidalanmaqları isə onların gözlərini açır və örtülü ayıb yerləri diqqətlərini cəlb edir. Allahın halal etdiyi qaydada qidalandıqları zaman örtülü ayıb yerlərinə önəm verməyən Adəm və zövcəsi Allahın haram etdiyi qidadan yeyərək qidalanma həddini aşmaqla və qoyulan həddə əməl etmədikləri üçün özlərinə zülm etmiş olurlar.


Ümumiyyətlə insan həyatı boyunca hər bir əməlində nəfsinin oruc olmasını təmin etməlidir. Bütün bu deyilənlərə əsasən nəfsin oruc olmasının ilk yolu mədədən keçir deyə bilərik. Bu dediyimizin təsdiqini Peyğəmbərin (səs) bir hədisində tapmaq olar. Peyğəmbər (səs) gənc subay insanlara zina etməmələri üçün ailə qurmağı tövsiyyə edir. Evlənməyə imkanı olmayanlara isə oruc tutmağı buyurur. Çünki oruc olan insanın taqəti az olduğu üçün şəhvani hisslər ondan uzaq olur və beləliklədə zina etmək duyğusu azalaraq günahdan amanda qalır.


Bu dediyimizi başqa bir hədislədə qüvvətləndirmək lazımdırsa bu hədisi göstərə bilərik. Peyğəmbər (səs) buyurub: “Mədə bütün xəstəliklərin mənbəyidir”
Həqiqətən də mədə bütün xəstəliklərin və bəlaların mənbəyidir. Halal və haramı ayırmadan qidalanan, oruc olmağa önəm verməyən insan həm fiziki, həm də mənəvi xəstəliklər taparaq, bəlaya düçar olmaqla, ayədə də deyildiyi kimi, özünə zülm edənlərdən olur.


Yeməyin əsas qaydalarından biri bundan ibarətdir ki, acmadan yeməyəsən və doymadan süfrədən qalxasan Peyğəmbərimiz bizlərə belə nəsihət etmişdir: “Yeməyi yalnız iştahan olanda ye və hələ iştahan varkən yeməkdən əl çək”. İmam Əlinin (ə) fikrincə, hər kim yeməyin ona ziyan gətirməsini istəmirsə, gərək acmadan yeməsin və əvvəlki yeməyi mədəsindən çıxarmamış (ifraz etməmiş) təzə qida qəbul etməsin
Ümumiyyətlə, az yemək bəyənilən xüsusiyyətlərdən sayılır. Hədislərdə buyurulur ki, dolu mədə qədər başqa heç nədən Allahın acığı gəlməz. Çox yemək bədəni əziyyətə salar. Həzrət Əli (ə) buyururdu ki, aclıq və xəstəlik, toxluq və sağlamlıq bir yerdə olmaz. Çox yeməyin mənəvi ziyanları haqqında Peyğəmbərin bu hədisi də maraqlıdır: “Qəlblərinizi çox yeyib-içməklə öldürməyin. Çünki qəlb də əkin kimi həddən artıq suvarılsa ölər”.


Həzrət İsa (ə) çox yeməyin insana gətirdiyi ziyanlardan danışarkən Bəni-İsraili çox yeməməyə təşviq edirdi. Çünki çox yemək insana yuxu gətirər. Çox yatan adam az namaz qılar (ibadətə az vaxt ayırar). Az namaz qılan adam isə qafillərdən olar. Yəni onun qəlbi ilahi hikmətdən məhrum qalar.


Allahın haramına əməl etməyən, orucunu şeytanın vəsvəsəsi ilə açan Adəm və zövcəsi mənəvi uçuruma düşərək təqva libasını soyunub, öz çılpaqlıqlarını gördülər. Allaha itaət etmədikləri üçün cənnətdən çıxarılan Adəm və zövcəsi kimi, bizdə itaət etmədən yaşasaq cənnətə geri dönə bilməyəcəyik. Allaha kamil itaət edənlərdən olaq ki, cənnəti qazananlardan olaq.


Rəşad Dadaşov

 

MMİH İB / Sədr

Bir cavab yazın