Bəzən çətin gördüklərimiz çox asan olur
10 Mart 2018

Fikir verin əzizlər, bəzən həyatda bizə vəzifə qoyulan işləri yerinə yetirməmiş, çətin və ya asan olmasını özümüz üçün təyin edirik. Asan olması ilə bu gün işim yoxdur. Amma işi icra etməmiş onu çətin görməyimiz, bizi ondan da çətinə salır. İnandırım sizi bir işi lazım olmayan qədər zehnimizdə böyüdürük. Odur ki tənbəllik bizi sarmaşıq kimi bürüyür. Praktikada yoxlamadığımız şeyləri düşüncəmiz ilə bir neçə dəfə yoxlayıb sınamışıq və hələ qiymət də vermişik ki, “yox çətindir, mən edə bilmərəm”.

 

Düşünürəm ki, bu yaşımıza qədər nə qədər asan işləri yoxlamamış onları çətin göstərmişik özümüzə. Çox zaman deyingən, əsəbi, nasaz olmağımıza səbəb də elə bu olur. İşə gedirsən biri elə söz işlədir ki, həzm edə bilmirsən, bir az orda yüklənirsən. Yolda, dar keçiddə harasa tələsirsən, qarşındakı da asta yeriyir, əsəb vurur başına bir azda orda yük. Evə gəlirsən məsələn, filan şalvarın yerində deyil – “ay xanım, ay mama min dəfə demişəm götürməyin bunu burdan” – deyib az-çox da orda yüklənirsən, sonra ağız dolusu başqalarının sözünü danışırsan ki, e heeey həyat nə çətindi belə, lap dərd qəm ilə yoğrulub ki”. Guya sən də çətinlikləri başa düşmüsən, dərd-qəm görmüsən. Halbu ki, ən asan vəziyyətlərdə sadəcə, düşüncəndə çox şeyi böyütmüsən.

 

Özümüzü başa sala bilsək ki, İşdə, evdə, yolda kimsə mənə elə söz deyə bilər ki, mən onu bəyənməyə bilərəm və bu təbii haldır, belə olduqda psixoloji cəhətdən yüklənmərəm, nə də ürəyimə salmaram. Yoxsa elə bilirik ki, kiminsə xoş olmayan sözünə reaksiya vermədən keçsək bizim üçün çətin olar. Lap dünya dağılar.

 

Həmçinin, olsun dar keçiddə, biri astadan hərəkət edir və sən də tələsirsən. 7,8 saniyə müddətində yol yenə də genişlənir amma sən 8 saniyə səbr etməyi özünə çətin bilirsən və deyinməyindən də qalmırsan. Düşünürəm ki, bəlkədə həmin anda 8 saniyə gecikməsək qarşıdan gələn maşın bizi vuracaq. ( *Çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.*(Quran 4:19))

 

Əzizlər, artıq inanmağa başlayıram ki, qarşımıza çıxan çətin nə varsa əslində asandır. Vallah, billah əgər bir işi görmək sənin vəzifəndirsə o dağ boyda görünsədə asandır sənin üçün. Özümdən demirəm Yaradanımız deyir:
*Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur.*(Bəqərə 286)

 

Bir söz də deyim:
Bundan sonra qarşında duran bir vəzifə əgər həqiqətən də çox çətin və böyük görünürsə o zaman bil ki, gör sən nə qədər qüdrətli olmusan ki, yaradan qarşına bu vəzifəni çıxardıb. Axı o üstümüzə bacarmadığımız vəzifəni qoymur.

 

Müşfiq Həzili

“Mədəni Maarif” Cəmiyyəti / sədr

 

Bir cavab yazın