Orucluğun fəlsəfəsi
26 İyun 2017

 

Ramazan ayı əxlaq ayıdır. İldə bir dəfə vacib edilməsi ona görədir ki, digər on bir ayda edə biləcəyimiz günahları bizə xatırladaraq, onlardan necə qorunacağımızı bizə məşq etdirir. Yəni bu ayda pis və bəyənilməyən əməllərə qarşı oruc olduğumuz kimi növbəti on bir ayda da həmin əməllərə qarşı oruc olmaq lazım olduğunu başa salır bizə. Elə bu səbəbdən də on bir ayın sultanıdır Ramazan.

Onuda qeyd edim ki, gün ərzində yeyib-içməyə qarşı oruc olmaq, yəni ac qalmağımız digər əməllərə qarşı oruc olmağımızı xatırlatmaq üçündür. Ac olan insan aclıq hissini duyduqca oruc olduğunu xatırlayır. Oruc olduğunu xatırladığı halda isə digər bəyənilməyən əməllərə qarşıda oruc olur və o işlərdən çəkinir, özünü qoruyur. Ac qalmaq bir qıfıl rolunu oynayır sanki. Ramazan ayı bitdikdə bu qıfıl açılır və digər əməllərə qarşı oruc olmaq isə yerində qalır. Yəni insan yeyib içməyə qarşı orucluğunu bitirsə də, digər əməllərində orucuna davam etməlidir. Bunu edə bilən şəxs Ramazan ayının təlimindən nəticə çıxartmış, dərsini uğurla öyrənmiş şəxsdir.

Rəşad Dadaşov

MMİH İB / Sədr

Bir cavab yazın