Ramazan aksiyası
23 May 2018

Möminlərə bir çağırış etmək istəyirəm!

Bu müqəddəs Ramazan ayının və ondakı Qədir gecəsinin hörmətinə xatir çağırışıma biganə qalmayın.Bu çağırışımı bir aksiya kimi qəbul edin. Hər bir imkanlı mömin şəxs evinin yaxınlığındakı dükana getsin və dükanda olan nisyə dəftərindəki borcları ödəsin. Əgər dəftərin hamısına gücü çatmazsa bunu bir neçə din qardaşı ilə birlikdə etsin. Bunuda bacara bilməyən möminlər isə heç olmasa nisyə dəftərində adı olan yoxsul ailələrdən birinin borcunun imkanı çatdığı qədərini sildirsin. Qoy yoxsullar bilsinki yetimlərin atası olan Hz. Əli (ə) şəhadətə çatsada onun şiələri onun yolunu davam etdirərək yoxsullara, yetimlərə atasızlığı hiss etməyə imkan verməz. Hz. Əlinin (ə) yoxluğunu onlar üçün yüngülləşdirək. Bizlərdən insanlara Ramazan payı olsun!
Bu işi hər ay etməyiniz daha faydalı olardı. Bu sədəqələriniz həm sizin axirətiniz üçün xeyirlidir, həm də qeyri müsəlmanların islama rəğbətini artırar.


Xərclədiyinizi hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir. Zalımların isə köməkçiləri olmaz.Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. (Allah) sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır.(Bəqərə 270-271)


Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz.(Sədəqə)Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. (Bəqərə 272-273)


Şübhəsiz ki, sədəqə verən kişi və sədəqə verən qadınlar və Allaha gözəl borc verənlər üçün (savab) qat-qat artırılacaqdır. Onlar üçün çox dəyərli bir mükafat da vardır. (Hədid 18)


Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin. (Münafiqun 10)


Paylaşın ki, daha çox adama səsimiz çatsın.


Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin (dəvəti) isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik. (Nisa 114)

 

Rəşad Dadaşov

 

MMİH İB / Sədr

Bir cavab yazın