Həyat gözəldir
30 İyul 2020

 

 

Zaman -zaman insanlar öz həyatlarından şikayət edirlər. Ən xırda şeylər belə kefimizi qaçırda bilir. Məsələn: evdə sevmədiyimiz bir yemək bişiriləndə, sırğamızın bir tayını itirəndə, çox xoşladığımız hər hansı geyimi ala bilməyəndə və ya bir yerə gedərkən ayaqqabımızın tozlanmağından dəqiqələrlə şikayət edə bilirik. Halbuki, o tozu təmizləmək bir neçə saniyəmizi alacaq. Unutmayaq ki, şikayət etmək üçün həyat çox qısadır. Şikayət etdiyimiz həyat kiminsə xəyalıdır bəlkədə. Kim bilir? Bəyənmədiyiniz yeməyə ehtiyacı olan o qədər insan var ki…  Elə ona görədə qısa həyatı şikayətlərlə daha da qısaltmaq yerinə  həyatı dolu-dolu yaşamaq, xəyal qurmaq, arzulamaq lazimdir. Təkcə xəyal  qurmaq yetməz. Onların dalınca getmək lazımdır. Yorulmadan, bezmədən… Paul Austerin dediyi kimi: “Xəyalların ardınca qaç, bir gün mütləq onlar yorulacaqlar”.

 

Xəyalsız insan qanadsız quşa bənzədilir. Unutmayaqki, həyat möcüzələrlə doludur.  Kim bilir bəlkə də qurduğunuz xəyal bir gün həyatınız olacaq?!  Dediyimiz kimi həyat möcüzələrlə doludur. Səhər sağlam oyanmaq belə möcüzə deyilmi? Yada gözə görünməz bir qüvvənin ağacları tərpətməsi – küləyin yaranması, yağışın yağması, qışda bir ot belə bitməyən torpağı yayda gülün çiçəyin bəzəməsi, kiçik yumurtanın bir müddət sonra can tapması möcüzə deyilmi? Anadan olandakı sizlə indiki siz arasındakı fərq möcüzə  deyilmi? Sadəcə əlimizdə olmayan imkanlara məyus olmaq yerinə əlimizdə olanlara şükr edib sevinməyi bilməliyik. Hər hansı bir mənfi hadisə yaşayan zaman onun içindəki gözəl şeyləri axtarmalıyıq onlara fokuslanmalıyıq.

 

Belə düşünün bir ev var və bu evin iki əks tərəfdə  yerləşən pəncərəsi. Bir pəncərədən baxanda xarabalıq və bu xarabalıq da olan tək bir gül, digər pəncərədən baxanda isə güllük gülüstanlıq görünür. Hər iki pəncərədən baxmaq bizim auramıza təsir edəcək. Çox insan xarabalığa baxmaq yerinə digər pəncərədən baxmağı seçəcək bəlkədə. Amma əslində xarabalığdakı gülün həyat sevgisini görməyi bacarmalıyıq.  Həyat da budur.  Və bizə daima gülmür. Bəzəndə sınayır, yorur. Amma biz gücsüz və ümidsiz deyilik. Hər sınaqdan daha güclü çıxmağa çalışmalıyıq.

 

Rəbiyyə Cabbarova

Bir cavab yazın