İblis, yoxsa mələk kimi?
31 İyul 2020

 

 

İblis nədir?

-Cümlə xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir?

-İblis!…

H.Cavid

 

Müasir dövrdə bir çox insanlardan, xüsusilə də gənclərdən belə cümlələri tez-tez eşitmək mümkündür: “İnsanlar mənə istədiyim kimi hörmət etmirlər”, “mənim verdiyim qədər dəyər görə bilmirəm”, “depressiyaya düşmüşəm”, “gələcəkdə hamısının əvəzini çıxacam” və s. Çox maraqlıdır, bu cür fikirləşməyə səbəb olan da insandır, sevgi və hörmət umduğumuz da insandır. Doğrudan da, həyatda elə insanlar olur ki, onlar öz maraqları naminə hamını: yaxın dostu, hətta qohumları belə pis vəziyyətə salmaqdan, ya da onların üstündən xətt çəkməkdən çəkinməz. Şübhəsiz ki, belə insanları heç kəs “yaxşı” adlandırmaz. Bəlkə, “iblis” adlandıran da tapılar. Başqa tip insanlar da var ki, onlar daim insanlara kömək etməyə çalışırlar. Hərdən başqalarının maraqları üçün öz mənafelərindən də əl çəkirlər. Bunun əvəzində hörmətsizlik, ya da etinasızlıq gördükdə isə sarsılırlar. Onlarla belə rəftar edənlər, elə bil ki, “mələyin qanadlarını sındırmış” olurlar. Yaxşı, bəs necə olmalı? İblis, yoxda mələk kimi? Bəlkə də, heç biri. Bəlkə də, sadəcə insan olmaq kifayətdir. Tanrının yaratdığı və istədiyi kimi. Onsuzda insanlar qarşılarındakını öz fikirlərinə görə “iblis”, yaxud “mələk” adlandıracaqlar. Təbii ki, hamı üçün iblis, yaxud mələk olmaq mümkün deyil. Məncə, burada qəribə heç bir şey də yoxdur. Əksinə, hamı eyni cür fikirləşsəydi, həyat sıxıcı olardı, bizi yorardı. Həm də cəmiyyətdə hamı eyni cür olsaydı, pis və yaxşı olmadığı üçün yaxşıların qədri bilinməzdi. Əlbəttə ki, insan həyatda müstəqildir, seçim etməkdə sərbəstdir. Amma insanın hərəkətləri hüquq, əxlaq və vicdan çərçivələrində məhdudlaşmalıdır. Belə olmasa, cəmiyyətdə böhran yaşanar. Bununda belə, həyatımızda bizi heç kəs heç nəyə məcbur edə bilməz. Bu danılmazdır və ən doğrusu da budur. Bəs insanın məhz  özünü məcbur etməsi necə? İnsan özünü daim inkişafa, yaxşılıq etməyə, əsl insan olmağa məcbur edə bilər? Məncə sualın cavabı aydındır, amma sual həm də natamamdır. Sual belə olmalıdır: İnsan özünü daim inkişafa, yaxşılığa məcbur edə bilərmi və bunu etməlidirmi? Yəqin ki, hamının şəxsi cavabı fərqlidir. Ona görə də sualın doğru olduğunu düşündüyüm cavabını paylaşmayacam. Mən sadəcə onu demək istəyirəm ki, insan sadəcə nəyi necə etmək istəyirsə, necə demək istəyirsən elə etsin. İcazə verməsin ki, həyat onu “İblis” ya da “Mələk” olmağa məcbur etsin. Əsas məsələ, bütün maneələrin öhdəsindən insanlığımızı qoruyaraq gələ bilməkdir. Bu isə həmişə mümkün olmaya bilir.

 

Çərçivələr ilə məhdudlaşan həyatda insanlar daima özlərini ən doğru şəkildə ifadə etməyə çalışmışlar. Tarixdə elə idealist mütəfəkkirlər çoxdur ki, başqaları onları anlamadıqları üçün onları yalançı, ya da dəli adlandırmışlar. Tarix belə mütəfəkkirlər ilə doludur. Həmin idealistlərın bəzisi bir ömür özlərini, öz fikirlərini başqalarına izah etməyə çalışmış, bəziləri isə heç kəsə əhəmiyyət vermədən sakit həyat sürmüşlər. Sizcə, onlardan hansıları həyatda düz qərar verə biliblər? Ümumuliklə, onlar düz qərar verə bilmişdilər mi?

 

Məqalənin sonunda oxuculardan H.Cavidin “İblis” əsərindəki bu sual haqqında düşünmələrini xahiş edirəm:

 

İnsanları xəlq etmədə var bəlkə də hikmət,

İblisə nə hacət?!

 

Əliyev Sabir (Qərbi Kaspi Universiteti, turizm və otelçilik, III kurs)

Bir cavab yazın