Kamil palançı
30 İyul 2020

 

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan…

 

9 əsr əvvəldən deyilmiş dahi Nazimanin bu ibrətamiz kəlamı aktuallığını bu gün də qoruyur və daima da qoruyacaq. Öncə gəlin baxaq, nə üçün bəzilərinin işi yarımçıq qalır? Sevgi… Sevgisiz başlanan hər  iş yarımçıq qalmağa məhkumdur. Nəzər salsaq görərik ki, valideynin təkidi ilə universitetə hazırlaşan, təzyiq altında istəmədiyi ixtisası seçmək məcburiyyətində qalan, sevdiyi sahəyə qoyulan qadağa ucbatından sevmədiyi sahəyə yönləndirilən insanlar “yarımçıq papaqçı” olub nə vaxtsa tükənirlər və ya ən yaxşı halda könülsüz, sadəcə dolanışıq üçün günü günə calayırlar. Belə olduqda isə heç bir uğurdan, nəaliyyətdən, “kamil palançı”lıqdan söz gedə bilməz. Bəzi ailələrdə əgər oğlan balet rəqqası olmaq istəyərsə və ya  qız kosmonavt olmaq istəyərsə, valideyn “yaxşılıq” edib, onu “düzgün istiqamətə” yönəltmək xatirinə arzularını, “qanadlarını qırır”. Hz. Əli (ə) buyurub ki, “övladlarınızı öz zəmanənizə görə deyil, onların zəmanələrinə uyğun böyüdün”.

 

Yeniyetməlik yaxşı fəallıq, coşğun ehtiraslar, qaynayan enerji, böyük arzular və ideallar dövrüdür. Belə bir mürəkkəb, ziddiyyətli və məsuliyyətli dövrdə valideynin tək istəyi övladının səhv addımlar atmaması, əxlaq pozuntuları yaşamaması, düzgün istiqamətləndirilmiş davranış və fəaliyyət normalarına riayət etmələridir. Valideyn-övlad arasında yaşanan bu fikir ayrılıqlarındandır bəlkə də, psixoloqlar vurğulayır ki, yeniyetməlik dövründə insan ilk dəfə olaraq valideyninə qarşı “sevgi və nifrət” hissi ilə qarşılaşır. Bu dövrə “yeniyetməlik yaşın böhranı” deyilir. Əgər valideyn bu dövrdə yeniyetməyə etibar, müstəqillik, təşəbbüskarlıq və bu kimi müsbət hisslər aşılayarsa, yeniyetmə bu böhranı asanlıqla adlaya bilər. Bəzi valideynlər isə valideynlik hissini üstələyən eqoları ucbatından, bəziləri “kim nə deyər?” düşüncəsi ilə yaşadığına görə övladının arzularını, istəyini hesaba qatmır. Yanlış “hesablanmış”, “cızılmış” yolu getmək məcburiyyətində qalan “yarımçıq papaqçılar” həyatda öz yerlərini tapa bilmirlər. Bəzən isə güclü xarakteri olanlar gec də olsa öz arzularının arxasıca gedirlər. Heç vaxt heç nə üçün gec deyil. “Kamil palançı” kamilləşənə qədər yüz dəfə yıxılıb, yüz birinci dəfə qalxır, heç kim ona inanmadığı vaxtlarda o özünə inanır, yaşadığı uğursuzluqların verdiyi təəssüf hissini deyil, “uğursuzluğun” içində belə “uğur” olduğunu düşünərək davam edir.

 

Peşə seçimi zamanı doğru istiqamət vermək üçün diqqətli valideyn, lap əvvəldən, məktəbəqədər yaş dövründə, daha dəqiq desək 3-6 yaş arası uşaqlar rollu oyunlar oynadıqları zaman daha diqqətli olurlar. Çünki həmin dövrdə uşaqların aparıcı fəaliyyəti olan rollu-süjetli oyunlar zamanı birlikdə oynanılan oyunun süjetini özləri qurur, rolları özləri bölüşdürür, yaşadıqları həyat təcrübələrindən, yaşlıları təqlid etmədən istifadə etməklə yanaşı, oyuna öz istəklərini, arzularını da əlavə edirlər. Kimisi aşbaz olur, kimisi müəllim olur, kimisi həkim olur. Bu elə bir dövrdür ki, insanın şəxsiyyətinin formalaşmasının və inkişafının təməli qoyulur. Sizlər üçün heç də uzağa getmədən özümü misal göstərə bilərəm. Hələ həyətdə oynadığım günlərdə həmişə özümü müəllimə kimi aparırdım. 5-ci sinifdə bizimlə tanış olan yeni sinif rəhbərimizin “Böyüyəndə kim olacaqsız?” sualına “Mən müəllimə olacam” demişdim. O istək, o sevgi məni İngilis-dili müəlliməsi etdi. Müəllimlik ixtisası üzrə oxuduğum zaman  fənnlər içərisində Psixologiya da var idi. 9 il işləməyimə baxmayaraq psixologiyaya olan sevgim, marağım ilk psixologiya dərsindəki kimi qalırdı. Heç vaxt heç nə üçün gec deyil deyərək 28 yaşımda Psixologiyaya qəbul oldum. İnsan Allaha və özünə inandıqda və məşğul olmaq istədiyi sahəyə sevgi ilə yanaşanda həqiqətən uğur qazanır.

 

“Kamil palançı” olmağın bir neçə şərti var deyəsi olsaq, o şərtlərdən biri də motivasiyadır.  İş həyatında motivasiyanın əsasən 2 növü vardır: Maddi və qeyri-maddi. Çəkilən əziyyətin qarşılığını maddi şəkildə layiqincə almaq insanı gördüyü işə motivasiyasını artırır. Maddi motivasiyanın üsulları əsasən əmək haqqının artırılması, bonusların verilməsi, mənfəətdə iştirak payı, pul mükafatı və bu kimi həvəsləndirici vasitələrdir. Lakin qeyri-maddi növü daha güclü olub, keçici deyil, qalıcı xarakter daşıyır. İnsan ağır iş şəraitində uzun müddət çəkdiyi əziyyətin qarşılığını qeyr-maddi, yəni təşəkkürnamə, göstərilən xidmətin ictimai şəkildə qiymətləndirilməsi və bu kimi həvəsləndirici tədbirlərin həyata keçirilməsi ilə alanda motivasiyası daha yüksək olur. Əlbəttə ki, bu müəyyən şəxslər vasitəsilə əldə edilmiş xarici motivasiya kateqoriyasına aiddir. Daxili motivasiya olunmuş şəxs isə rəhbər və başqalarından heç nə gözləmədən hədəfə çatmağa can atır. Bu cür insanlarda motivi formalaşdıran əsas elementlər düşüncə, mədəniyyət, dünyagörüşü, maddi, mənəvi və fiziki tələbat, formalaşmış həyat və yaşam tərzi və s. amillərdir.

 

Məsuliyyəti üzərimizdə olan işi vicdanla yerinə yetirmək özümüzə qürur mənbəyi olmaqla yanaşı, həmçinin ətrafdakı insanlara da özümüzlə bərabər peşəmizi də sevdirməyə səbəb olur. Son günlərdə COVİD-19 bir çox şeyləri üzə çıxartdı. Bunlardan biri də peşəsinə qarşı vicdanla yanaşanlar və məsuliyyətsiz davrananlar oldu. Peşəsinə sadiq qalan vicdanlı həkimlər xəstələrlə bərabər virusla ölüm-dirim mübarizəsi aparmaqdadırlar. Bu cür böyük ürək sahibləri bizlər üçün “görünməz qəhrəmanlar” adını qazandılar. Eləcə də sosial izolyasiya qaydalarından biri də təhsil mərkəzlərinin bağlanması oldu. Lakin millətin gələcəyini düşünən məsuliyyətli müəllimlərimiz bu çətin və gərgin günlərdə şagirdlərin, tələbələrin təhsilini yarımçıq qoymadılar. Onlar da müəyyən mənada bizlərin qəhrəmanlarıdır.

 

Peşəsini sevməyən sevdirməyi də bacarmaz. Ürəklərdə yer qazanmaq üçün gərək işinə ürəyini verəsən. İstənilən şəraitdə öhdəyə düşən məsuliyyəti vicdanla yerinə yetirməyin qarşılığı mütləq şəkildə sevgidir. Hər kəsə peşəsini sevməyi, sevdirməyi, sevgi ilə yaşamağı arzulayıram…

 

Könül Əli Əkbər

Bir cavab yazın