Nəsimi və çağdaş gənclik
31 İyul 2020

 

Biz xalq və ya fərd kimi keçmişdən dərs çıxarda bilirikmi? Biz əvvəlki insanların nəsiyətlərini, arzu və ideyalarını cəmiyyətimizdə yaşada bilirikmi, yaxud bunu istəyirikmi? Cəmiyyətimizdə bir çox qrupların keçmiş ilə indiki dövrü istəyərək qarşı-qarşıya qoyduğu və mübahisə yaradaraq çoxəsrli düşüncələri dəyişdirməyə çalışdıqları aşkardır. Müasir dövrdə bu müəyyən dərəcədə zəruridir. Ancaq yüzilliklərdən bəri formalaşan düşüncələri dəyişmək asan deyil. Bəs onların hansını və nə dərəcədə dəyişdirməli, yaxud hansılarını saxlamalı? Cavab tapılmalı başqa suallar da var: Keçmişin nəsihətləri, ideologiyası bizə nəsə qazandıra bilər? Düşünürəm ki, qazandıra bilər. Fikirlərindən, ideologiyasında, yaradıcılığından və həyatından bəhrələnə biləcəyimiz insanların sırasında İmaməddin Nəsimi, şübhəsiz ki, ilk ağla gələnlərdəndir. Onun bütün həyatı Allahı, yaradılışı, kamil insanı və kamilləşməyin yollarını axtarmağa, onları anlamağa və bu uğurda mübarizəyə həsr olunmuşdur. Bu yolda onun ən böyük silahı qılıncı deyil, düşüncələri və bu düşüncələri sərrastcasına xalqa çatdırdığı dilidir. O dil ki, dərisinin soyulmasına səbəb olmuşdur. Ancaq Nəsimiyə görə, qorxmazlıq, haqq yol üçün əziyyətlərə qatlaşmaq, hətta bu uğurda ölmək kamil insanın xüsusiyyətlərindəndir.

 

Nəsimiyə görə, kamil insanın xüsusiyyətləri bəllidir. Kamil insan elmli, yüksək mənəviyyatlı və əxlaqlı, ədalətli, dürüst, vəfalı, sadiq, əzmkar, əliaçıq, səbrli olmalıdır. Özünə tamah, təkəbbür, qəzəb, yalan, riya, həsəd kimi insana yaraşmayan hissləri yaxın buraxmamalıdır. Nəsimi dərin fəlsəfi düşüncələri xalq arasında yaymaq, insanları müsbət mənada dəyişməklə kamil insanların sayını artırmağı hədəfləyir. İnsanları heyvani hislərdən, dünya malına hərislikdən, hakimiyyət sevgisindən uzaqlaşdırmaqla insan təkamülünə nail olmaq Nəsiminin əsl niyyətidir. Nəsimi silahlı mübarizədən daha çox elmi, fikri mübarizənin tərəfdarıdır. Bu onun humanistliyi ilə əlaqədardır. O inanırdı ki, sevgi insanı dəyişdirə biləcək qüvvəyə malikdir. Nəsiminin fikrincə, sevgi insanı nəfsani istəklərdən təmizləməli, onun qəlbini və ruhunu saflaşdırmalı, tərbiyə etməlidir. Sizcə də, bunlar əsl kamil insanın xüsusiyyətləri deyilmi? Sizcə, bunları Nəsiminin timsalında öyrənməyə dəyməzmi, yaxud Nəsimi ilə bizim aramızdakı 600 ildən artıq zaman fərqi ondan öyrənəcəklərimizə manedir mi? Məncə, yox.

 

Nəsiminin həyat və yaradıcılığını öyrənərkən məni  cəlb edən xüsusiyyətlərin biri humanistliyi, digəri isə türk dilində yaratdığı əsərlərin incəliyidir. Heç bir şühbə yoxdur ki, bir xalqın yaşaması, var olması üçün ən vacib amil onun dilidir. Dil keçmişimiz ilə bu günümüzü birləşdirən körpü, tarix salnaməmiz, milli sərvətimizdir. Nəsiminin dilimizi diri tutması bu gün bütün xalqa nümunə olmalıdır.

 

Mən inanıram ki, Nəsimini bizə sevdirən, əsərlərini və özünü zaman qarşısında öldürməyən onun xalqa olan yaxınlığı, əsərlərində xalq arzularına yer verməsidir. Haqq-ədalət elə bir şeydir ki, əzilən xalq, məzlum insanlar, haqq tərəfdarları həmişə onun arzusunda, həsrətində olmuşlar. Mütəfəkkirlər, şairlər və ziyalılar da həmişə insanları ədalətli olmağa çağırmışlar. Ədalətli cəmiyyət, ədalətli hökmdar ideyası öz əksini xalq yaradıcılığında da tapmış, bayatı, atalar sözləri, dastan kimi şifahi xalq ədəbiyyatında özünü göstərmişdir. Xalq bu istək və ideyanı yalnız söz ilə nəsildən-nəslə ötürməmiş, öz sarsılmaz duruşu ilə də yaşatmış, tarix yazmışdır. Bu ideyalar şihafi və yazılı ədəbiyyatımızda və qəlbimizdə yaşayır.

 

Unutmaq olmaz ki, gələcək yalnız möhkəm dayaq üzərində – mənəviyyatı zəngin, elmli və vətənpərvər nəsillərin əməlləri üzərində qurulacaqdır. Bunun yolu isə Nəsimi və digər dəyərli şəxsiyyətlərimizin həyat və ideologiyalarından bəhrələnməkdən keçir.

 

Əliyev Sabir Etibar oğlu 

Qərbi Kaspi Universiteti, turizm və otelçilik ixtisası

III kurs tələbəsi

Bir cavab yazın