Övladınıza dəyər verin
19 İyul 2020

 

Uşaqların xoşbəxt, şən əhval –ruhiyyəli, psixoloji sağlam böyümələri üçün valideynlər necə davranmalıdırlar?

Övladınızı var olduğu kimi qəbul edin. Uğurları, uğursuzluqları, bacardıqlar və bacara bilmədikləri üçün övladınızı dəyərləndirməyin. Onlar sizin bir parçanızdır. Onları olduqları kimi sevib dəyər verin. İnkişafı üçün əlinizdən gələnləri edərək ona dəstək olun.

“Hamıdan yaxşı olsun” ifadəsindən uzaq olun. Hər baxımdan inkişafı üçün lazımi istiqamətlərdə dəstəyinizi verərkən “sən hər kəsdən yaxşı olmalısan” deyə övladınıza psixoloji gərginlik yaşatmayın. Bacarması üçün dəstək olun, lakin bu zaman övladınıza basqı etməyin.

Özünü dostları, ətrafdakı yoldaşları ilə müqayisə etməməsini öyrədin. Müqayisə edərkən uşaqda özünəinam hissinin aşağı enməsi və ya hədsiz özgüvən və s. kimi hisslər yaşana bilər.

Övladınıza sevməyi öyrədin. İnsanları, heyvanları, bitkiləri, təbiəti və s.

Ona olan sevginizi göstərməkdən çəkinməyin. Onun bu hissə hər zaman ehtiyacı var. Onu təmənnasız sevdiyinizi, sizi hirsləndirdiyi zaman da, nəyisə etməyi bacarmadığında da – hər zaman sevdiyinizi ona hiss etdirin.

Övladınızın etdiyi işlərə, hisslərinə hörmətlə yanaşın. Sizin üçün çox sadə görünən bir məsələ onun üçün olduqca önəmli ola bilər.

Ona inandığınızı hiss etdirin. Sizə yalnız doğru danışacağına inandığınızı ona bildirin.
Etdiyi səhvlərə görə cəza alıbsa demək ki, artıq bu səhvlərini unutmağınız lazımdır. Keçmişdə etdiyi səhvləri təkrar –təkrar xatırlatmağınız yanlışdır.

Övladınıza dəyərli olduğunu hiss etdirin. Övladınıza dəyər verin. Perfekalist olmayın.
Övladınızla bağlı qərar verərkən onların da öz fikirlərini bildirməsinə icazə verin.
Tərbiyədə əsas metodlar: inandırma, alışdırma, rəğbətləndirmə, cəzalandırma, vadaretmə, tərbiyəçinin şəxs nümunəsi.

 

Uşağınızın özünü olduğu yaşdan daha çox və ya az yaşlı kimi aparmasını müşahidə edirsiniz. Bəzən elə hallar olur ki, böyük oğlunuz özünü balaca uşaq kimi aparır: şıltaqlıq edir, emosiyaların qabarıq bildirir, içini çəkə-çəkə ağlayır​ ya da durmadan yüksək səslə gülərək tullanır. Ürəyinizdə düşünürsünüz 10 yaşlı oğlum niyə 6 yaşlı uşaq kimi rəftar edir?! Və ya 7 yaşlı qızınızın yetişkin kimi davranması, elə situasiyalarda məntiqli, özünə hakim fikirləri diqqətinizi çəkmişdir. Xeyr! Şübhələriniz yalnışdır. Bu nə əqli gerilik, nə ləngimə, nə də disleksiya dediyimiz irəli zəkalılıqdır.​ Bu sadəcə uşağınızın ruh yaşının olduğundan daha çox və ya daha az yaşa sahib olmasıdır. Bəs bunun səbəbi nədir? Nədən qaynaqlanır? Cavab çox sadədir: ata obrazı!
Ata obrazı güclü olan uşaqların ruh yaşı öz yaşından yuxarı, ata obrazı zəif olan da isə ruh yaşı aşağı olur. Statistika göstərir ki, bu problem hərbiçi, dənizçi, polis, bir sözlə sistem işində çalışan və natamam ailələrdə daha çox müşahidə olunur. Ataların zamanını doğru bölə bilməməsi, övladları ilə zamanı az keçirməsi, onlarla zamanı gəldiyində xüsusən oğulları ilə şəxsi söhbətlər aparmaması onlarda ata obrazının zəifləməsinə gətirib çıxarır. Bu da uşaqlarda ruh yaşı dediyimiz EQ- emosional yaşının IQ- intelekt yaşından daha zəif inkişaf etməsinə gətirib çıxarır. Normativlərə əsasən uşağın EQ və IQ yaşları bir- birinə paralel inkişaf etməlidir. Bunlardan birinin yuxarı və aşağı olması onları tarazlıqdan çıxarır. Uşaq gah ruh gah da pasport yaşındakı kimi davranış sərgiləyir. Bu davranışlar ətrafdan- sinif müəlliməsi, yaşıdları, qohumları tərəfindən diqqət çəkir. Xüsusən yaşıdları ilə ünsiyyətdə çətinlik çəkir, şikayətlənir. Bu da zaman keçdikcə uşaqlarda fəsadlar özünü göstərir. EQ yaşı aşağı olan uşaqlarda qaydaları qəbul etməmə, çox hərəkətli və ya çox passiv olma, fobik əlamətlərə meyillilik daha çox müşahidə olunur.

 

Atasına hədsiz bağlı olan uşaqlarda isə ata obrazı güclü olur. Bu da onların ruh yaşlarının yüksək olmasına gətirib çıxarır. Cəmiyyətimizdə bu uşaqlara rəğbət daha böyükdür. Amma əslində uşağımızın özünü yaşından yuxarı aparması onlarda həssaslığı gücləndirir ki, bu da gələcəkdə onlarda emosional pozuntulara gətirib çıxarır. Uşaq yaşından daha tez böyüyür, problemlərə qarşı daha həssas olur, bu da onlarda təhsilə qarşı marağın azalaraq, özündən böyüklərlə ünsiyyətə qarşı meyli artırır.

 

Sonda isə onu qeyd etmək istəyirəm ki, atalar, uşağın tərbiyəsini əsasən analar öz çiyinləri üzərinə alsalar da davranışlarını tənzimləyən ruh yaşı yalnız sizdən asılıdır. İş həmişə var, heç vaxt bitməyəcək. İllər isə ötür, hədəflər artır işlər formasını dəyişir və sizin övladınız böyüyür. Zamanınızı doğru bölün, özünüz- ailəniz üçün çalışdığınızı unutmayın! Analarımız, siz isə öz növbənizdə həyat yoldaşınızın evə gəlişini, ailə ilə zaman keçirmə saatlarını tənzimləməkdə onlara yardımçı olun. Həyat yoldaşınızın övladlarınıza münasibəti sizin şəxsi münasibətlərə görə tənzimlənir. Çalışın mükəmməlliyyətçi rəftarınızı kənara qoyub yükünüzü həyat yoldaşınızla paylaşın. Əks halda atalarda olan arxayınlıq duyğusu zamanla diqqətin azalmasına gətirib çıxarır.
Yaşlı nəsil hər zaman olacaq, onlar bütün cəmiyyətin istiqamətinə yön verirlər. Çünki gənclərin özünü də yaşlı nəsil tərbiyə edir və onlar bir örnəkdir. İnsan necədirsə, o cür də övlad tərbiyə edir. Əgər indiki nəsil əyləncə axtarışındadırsa, onların yetişdirdikləri övladın cəmiyyətə nə töhvəsi ola bilər ki…

Sizinlə yekun olaraq, sağlam münasibətin şifrəsini paylaşmaq istəyirəm:

1. Gülümsəyin;
2. Dinləyici olun;
3. Düzgün motivasiya edin;
4. Diqqətli olun;
5. Zaman ayırın;
6. Olduğunuz və göründüyünüz kimi davranın (Qətiyyən “maskalanmayın”) ;
7. Özünüzlə münasibət saxlayın.

 

Hazırladı: Sərvanə Qarabağlı

Bir cavab yazın