Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyatında inklüziv təhsilin əhəmiyyəti
30 İyul 2020

 

Əvvəla, onu qeyd etmək istərdim ki, hər bir azərbaycanlı ailəsinin övladı kimi, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətimizdə rolu böyükdür. Elə məhz onların inkişafında, öz yaşıdları ilə ünsiyyət qurmasında, cəmiyyətə inteqrasiyasında cəmiyyətin və ətraf mühitin də onların həyatında rolu və təsiri əvəzolunmazdır.

 

Valideynlər hər zaman sağlam, ideal bir uşağın xəyalını qurarlar. XQEO bir uşağın anadan olması isə onlarda müəyyən məyusluq və kədərlilik kimi hislərə gətirib çıxarda bilər. Ancaq, bu yerdə valideynlər son dərəcə təmkinli, güclü, iradəli, anlayışlı və vicdanlı olmalı, uşaqlarının bu vəziyyətini tez qəbul etməli və daha diqqətlə, nəzarətlə onlara sahib çıxmalıdırlar. Çünki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar adından da göründüyü kimi xüsusi qayğıya, diqqətə, sevgiyə, anlayışa ehtiyacı olan uşaqlardır.

 

Bütün uşaqlar öyrənmə bacarıqları ilə doğulur. Tipik uşaqlar kimi xüsusi qayğıya ehtiyacı olan uşaqların da öyrənmək, bilik və bacarıqlarını inkişaf etdirmək və təhsil almaq hüququ vardır. Çünki, bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır. Biz pianinoda ifa etməyi pianinoda ifa edərək, futbolu futbol oynayaraq, oxumağı oxuyaraq öyrənirik. Sadəcə xüsusi qayğıya ehtiyacı olan uşaqlarda bu proses ləng gedə bilər. Bunun üçün onların inkişafında Erkən müdaxilə xüsusi rol oynayır. Uşağa Erkən müdaxilə onun üçün yaşadığı hər anda öyrənmə və inkişaf etmə imkanı yaradır və uşağın inkişafında daha uzunmüddətli nəticələr əldə etmə imkanı qazandırır. Bu, yaxşı həyat yaşamaq, cəmiyyətə müstəqil şəkildə inteqrasiya olmaq, məktəbdə daha çox uğur qazanmaq, hətta işləmək şansı deməkdir.

 

Keyfiyyətli erkən müdaxilə keyfiyyətli inklüziv təhsilə ilk addımdır, çünki biz uşaqları elə ilk günlərdən təhsilə yönəldirik. Erkən müdaxilə və İnklüziv təhsil digər uşaqların əldə etdiklərini xüsusi qayğıya ehtiyacı olan uşaqların da əldə edə bilməsi deməkdir. Bu, oyun oynamaq, ünsiyyətə girmək, küçəyə çıxmaq deməkdir. Təhsilə cəlb olunanların əksəriyyəti ya xüsusi məktəblərdə, ya da evdə təhsil alırlar. Yəni, xüsusi qayğıya ehtiyacı olan uşaqlar tipik uşaqlardan ayrılaraq, özləri kimi əlilliyi olan uşaqlarla, reallıqdan uzaq, qapalı şəraitdə təhsil alırlar. Belə təlim-tərbiyə uşağın diqqətini onun defektinə cəmləyir. Uşaqlarda cəmiyyətə inteqrasiyasında bir sıra çətinliklərə, insanlarla ünsiyyət qurma problemlərinə, dünya görüşünün zəif inkişafına, özünəqapanmış bir ruh halına gətirib çıxarır və özlərini bir növ cəmiyyətdən təcrid olunmuş kimi hiss edirlər.

 

Sağlam uşaqlar da eyni zamanda, XQEO uşaqla rastlaşdıqda ona təəccüblə baxır, bəzən isə gülür və ələ salırlar. Bunun əsas səbəbi isə onlar arasında ünsiyyətin, əməkdaşlığın olmamasıdır. Bunun nəticəsində onlar bir-birilərini dərk etmir və nə hiss keçirdiklərini başa düşmürlər.

 

Bunu nəzərə alaraq, 2004-cü ildən başlayaraq Azərbaycan Respublikasında inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüslər qeyd olunmuş, SİM uşaqların digər uşaqlarla birgə təhsilə (inklüziv təhsilə) cəlb olunması üçün “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş və bunun həyata keçirilməsinin zəruriliyi göstərilmişdir.

 

Dövlət Proqramının məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüququnu təmin edərək xüsusi dəstək xidmətləri göstərilməklə inkişaf etmələrinə və öz yaşıdları ilə bərabər səviyyədə təhsil almalarına şərait yaradılmasından, ünsiyyətə girməsindən, cəmiyyətdə kollektivə inteqrasiya olunması üçün əlverişli stimul yaratmağa imkan verməsindən ibarətdir. Çünki, həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər və bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır.

 

Bu proqramın əhəmiyyəti isə ondan ibarətdir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birlikdə onların yaşıdları da başqalarına təmənnasız yardım etmək, onların qayğısına qalaraq onları cəmiyyətdə təcrid etməmək, vicdan sahibi olmaq kimi bir çox mühüm mənəvi dəyərləri hələ uşaqkən öyrənməyə başlayırlar.

 

İnklüziv təhsil sitemində bu mühitin əlverişli və səmərəli keçməsi elə məhz müəllimin göstərdiyi səydən asılıdır. Müəllim sinifdə uyğun şəraitin, hər bir uşaq üçün tələbatı ödəyərək mühitin yaradılmasına səy göstərməli, təhsilə mane ola biləcək halların baş verməsinə mane olmalıdır. Bu da müəllimlərin səriştəsindən, metodik səviyyəsindən, empatiya bacarığından və vicdanından asılıdır.

 

Müəllimlərin rolu həm də ondan ibarətdir ki, XQEO uşaqların valideynləri arasında da bir sıra maarifləndirmə işləri aparılmalıdır. Onlarla uşaqların inkişafına aid maarifləndirici konsultasiya və görüşlər təşkil olunmalıdır. Çünki valideynlərin bəziləri XQEO uşaqlarını təhsildən yayındırırlar. Çünki, bəzi valideynlər uşaqlarının bu vəziyyətindən utanır, hətta bunu öz ətrafından gizlədirlər. Bunun nəticəsində də uşaq təhsil ala bilməyərək cəmiyyətdən kənarda qalır, gələcəkdə ailənin üzərinə yük olur, özünü valideynlərindən asılı və cəmiyyətə yarasız insan kimi hiss edir.

 

Mən düşünürəm ki, bu yeni təhsil sistemi ilə cəmiyyətimizə yeni işıq, yeni bir baxış gəldi, insanlarda empatiya bacarığı, vicdan anlayışı, mərhəmət duyğusu formalaşaraq xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı ayrı-seçkilik və bərabərsizlik kimi hallar tədricən ortadan qalxmağa başladı. Çünki, insanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirməkdədir. Bu baxımdan, bütün insanlar bir-birinə lazımdır. Bunu gün keçdikcə bariz şəkildə görürük və bunu görmək də mənim üçün olduqca sevindirici bir haldır. Çünki, Hər bir uşaq özəldir!

 

ABBASOVA KƏMALƏ

Bir cavab yazın