Terrorizm və eşq
30 May 2018

Terror ağıl, sağlam düşüncə, eşq və mənəviyyatın olmadığı vücudlarda kök salar. Buna görədə terroristin milliyəti olmur.

 

Terrorizm bir nəzəriyyə olaraq mənfi tərbiyyə metodudur. Müxtəlif xalqlarda xüsusi boşluqlar var ki, o boşluqlar fərdlər arasında doğru şəkildə doldurulmazsa həmin cəmiyyətin üzvləri potensial terrorist olaraq yetişər.

 

Ümumiyyətlə ağıl insan üçün bəxş edilmiş ən üstün dəyərlərdən biridir. İnsan ağlını təkmilləşdirməsi üçün sağlam və azad düşüncəyə ehtiyyaclıdır. Düşüncə və boş işlərdən əl çəkmək ağlın sirlərini açmaq, həyatı yüksək və ali pəncərədən izləmək şansı bəxş edir insana. Bununlada insanın mənəviyyatı zənginləşər və o yalnız maddi varlıq olmaqdan xilas olar. Bu zaman ağıl eşq istehsal etməyə başlayar.

 

Eşq ağılın üstün mərtəbələrindən biridir. Ağlını eşqə tərəf inkişaf etdirən cəmiyyət üzvlərində terrorizmə meyl olmaz. Nəinki o şəxsi kimsə bəşəriyyətin canına susaması üçün proqramlaşdırsın. Belə insanlarda terrorizmin kökünü qurudan fədakarlıq kimi xüsusiyyətlər formalaşar. Eşqdən qaynaqlanan fədakarlığa sahib olan bir milləti terrorist etmək dəvəni iynə dəliyindən keçirtmək qədər mümkünsüzdür.

 

Bəli bu gün kimsə çıxıb iddia edə bilər ki, komikadze olan terroristdə öz düşüncələri uğruna eşq ifadə edərək fədakarlıqla canına qəsd edir və haranısa partladır. Və ya fədakarcasına güllə, top, tüfəng altına girib həyatını təhlükəyə ataraq öz əqidəsi uğruna eşq ilə fədakarlıq göstərir. Demək ki, eşqdən qaynaqlanan fədakarlığa sahib bir milləti terrorist etmək mümkündür.

 

Bəli, zahirən məntiqli irad görsənsə də lakin həqiqət deyil. Çünki yuxarıda qeyd etdiyimiz ali xüsusiyyətlər ki var, məsələn, eşq, eşqdən qaynaqlanan fədakarlıq bu kimi dəyərlər təkmilləşmiş ağılın nəticəsidir ki, bunada sağlam və azad düşüncə ilə çatmaq mümkündür. Dedik ki, ağılı bərəkətləndirən, açan və çiçəkləndirən vasitə sağlam və azad düşüncədir. Lakin terrorizm məktəbində sağlam və azad düşüncə yoxdur. Bu məktəbdə düşüncəsiz, elmsiz və ya elmli, lakin sağlam və azad düşüncəsiz insanların düşüncəsini dar çərçivəyə həbs edərək yalnız bu çərçivədə düşündürmək var. Belə olduqda sənin istər dünya qədər biliyin olsun, artıq sən sağlam və azad düşüncədən məhrumsan. Sənin düşünə biləcəyin və düşüncən ilə ucala biləcəyin sərhədləri kimlərsə təyin edir. Sənin düşüncən kimlərinsə qulu və köləsidir. Onlar hara qədər istəsə sən ora qədər düşünə bilirsən. Bu həqiqətən insan üçün ən böyük təhqirdir. Terroristlik bəşər övladı üçün ən təhqir olunmuş obrazdır.

 

Gələk terroristin “fədakarlıq” sandığımız xüsusiyyətinə. Ümumiyyətlə, dəyər heç vaxt sağlam ağıla sahib olan insanlarda nifrət yarada bilməz. Məsələn qovulmuş şeytanın yenidən namaz qılması namazı bir dəyər olaraq insanların gözündən salmaz. Ağıllı insanlar düşünər ki, şeytan namaz qılsada onun qıldığı onsuz namaz deyildir və o yenədə hansısa yeni bir hiylənin başlanğıcındadır. Fədakarlıqda insana məxsus olan və dəyər sayılan ən üstün xüsusiyyətlərdəndir. Sağlam düşüncəli və Azad insanları qul etmək mümkünsüz iş olduğu halda dahilərimiz buyurub ki, Azad insanlar fədakarlıqla qul edilirlər. Həqiqətəndə belədir. Yəni, azad və sağlam düşüncəli insanlara qarşı fədakarlıq etmək onların qəlbini, sevgisini ələ almağa səbəb olur. Belə şəxsiyyətlər zatən dəyərə qiymət vermək üçün bəhanə axtarırlar. Sənində bu fədakarlığın onlarda məhəbbət yaradır. Lakin baxaq görək terroristin etdiyi fədakarlıq (öz əqidəsi üçün canından keçmək) sağlam və azad düşüncəli insanlarda məhəbbət yarada bilirmi?! Cavab olaraq bunun əksini görürük. Terroristin bu “fədakarlığı” məhəbbət yox nifrət yaradır. Bəs necə ola bilər ki, eşq kimi saf bir mənbədən qaynaqlanan fədakarlıq kimi bir hiss sağlam və azad cəmiyyətdə nifrət yaradır?

 

Cavab olaraq bizə aydın olur ki, fədakarlıq həmişə heçdə eşqdən deyil sən demə nəfsdən də qaynaqlana bilirmiş. Terrorist kimi sağlam ağıldan məhrum, azad və sağlam düşüncəsi dar çərçivəyə həbs edilmiş, eşqin üzünə həsrət qalan və mənəviyyatdan payı olmayan bir “şəxsiyyət”in fədakarlığı ancaq iyrənc nəfsdən qaynaqlana bilər. Buna görə də belə “fədakarlıq” azad və sağlam insanlarda nifrət yaradır, nəinki onları qul edir.

 

Terrorist o demək deyil ki, haranısa partladasan, kiminsə başını kəsəsən. Sevgidən məhrum olan, diqqət və fədakarlığın üzünə həsrət qalan ailələrdə terrorist düşüncəyə sahib insanların formalaşmasıda mümkündür.

 

Buna görə də övladlarımıza tərbiyyə verən zaman onlara xüsusilə insanları sevməyi öyrətməliyik. Ən əsasıda bunu onlara öz əməlimiz ilə əyani şəkildə göstərməliyik. Əyani tərbiyyə daha təsirli metod sayılır. Valideyinlər övladlarının savadlanmasına və həyatı məqsədlərinin nədən ibarət olmasına diqqət etməlidirlər. Əsasən də övladların savadlanma prosesindəki məqsədlərin sırf maddi tellər üzərində deyil, eşq və fədakarlıq dəyərləri əsasında formalaşması üçün çalışmalıdırlar. İnanın ki, eşq və fədakarlıq səpkisində tərbiyyə görən bir övlad sabah ictimai və siyasi nüfuz dairəsində böyük posta yiyələnsə dövlətinin və millətinin inkişafı üçün ləzzət ilə rahatlığından keçər. Nəinki onlara zülm edər.

 

Uşaqlığından İnsanları sevən, eşq və fədakarlıq prinsipləri əsasında tərbiyyə görən və düşünməyi öyrənən bir uşaq sizcə böyüyüb terrorist olub bəşəriyyətin canına susayarmı? Həmin övlad korrupsioner bir şəxsə çevrilərmi? Öz mənfəəti hesabına başqalarının malını qeyri-qanuni şəkildə istismar edərmi? Başqasının əziyyət ilə yığışdıracağını bildiyi halda yerə zibil atarmı?

 

Bəli, eşq və fədakarlıq konsepsiyası üzrə tərbiyyə görən övladın terrorist və terrorist (zərərli) düşüncəsinə sahib olması çox çətindir.

 

Diqqət və qayğı görməyən bağ tikanlı kolların məskəni olmağa məhkumdur.

 

Müşfiq Həzili

Bir cavab yazın